BAKI, 18 avqust. TELEQRAF

Malın mənşə ölkəsini təsdiq edən müraciətlərin qəbulunun Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Keyfiyyət informasiya sistemi üzərindən həyata keçirilməsinə başlanılıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə bu məqsədlə Agentlik tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması üçün “Mənşə sertifikatı” alt modulu hazırlanaraq Keyfiyyət informasiya sistemində istifadəyə verilib.

Qeyd edək ki, mənşə sertifikatlarının əldə olunması ilə bağlı müraciətlərin Keyfiyyət informasiya sistemi vasitəsilə edilməsi ixracatçılar üçün bir sıra üstünlüklər yaradır. Bunlara elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması, real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi, dövlət rüsumlarının elektron qaydada ödənilməsi, müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması, ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması, mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s. aiddir.