BAKI, 31 oktyabr. TELEQRAF
İordaniyanın paytaxtı Ammanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar.
Azərbaycan Cüdo Federasiyasından Teleqraf-a verilən məlumata görə, komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal əldə edib. Gülşən Hüseynova (-48 kiloqram) və Ayan Əliyeva (-63 kiloqram) turnirin qalibi olublar. Gülgəz Musayeva (-48 kiloqram) və Aytən Verdiyeva (-57 kiloqram) ikinci, Çinarə Sadıqova (-52 kiloqram) isə üçüncü yeri tutub.
Azərbaycan yığması ilk yarış gününü qızların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 2-ci sırada başa vurub.
Qeyd edək ki, beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.