BAKI, 19 may. TELEQRAF

“Türkiyə milli komandası ilə təlim-məşq toplanışı keçirəcəyik”.

Bunu Teleqraf-a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Vüqar Bayramov deyib.

Təcrübəli voleybolçu bildirib ki, milli komanda hazırlıqlara ayın 4-də start verib:

“Artıq Bakıdakı hazırlıqlarımız yekunlaşır. 3 gün sonra Belarusa yola düşürük. Bir həftə orada olacağıq, yoldaşlıq oyunları keçirəcəyik. Yoldaşlıq görüşləri Belarus klubları ilə olacaq”.

Bayramov hazırlığın növbəti mərhələsinin Türkiyədə keçiriləcəyini də qeyd edib:

“Ondan sonra vətənə qayıdacağıq. İyunun 2-si Türkiyənin Ankara şəhərinə gedəcəyik. Türkiyə milli komandası ilə təlim-məşq toplanışı keçirəcəyik”.

O, komandadakı atmosferin yaxşı olduğunu vurğulayıb:

“Komandada abu-hava yaxşıdır. Baş məşqçimiz Fransadan gəlib. 3-cü ildir ki, Azərbaycan çempionatında iştirak edir. Gənc oyunçularımız var”.

Bayramov klub mövsümünün yeni başa çatdığını və bunun oyunçulara təsir etdiyini bildirib:

“Bildiyiniz kimi, klub sezonu yeni yekunlaşıb. Bütün oyunçularda yorğunluq hiss olunur. Hazırlıqlar yaxşı keçir”.

Hücumçu sonda yığmanın Avropa Liqasındakı çıxışına ümidli yanaşdığını söyləyib:

“Ümid edirik ki, milli komanda bu il Avropa Liqasında yaxşı çıxış edəcək. Komandamıza uğurlar arzu edirəm”.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasına iyunun 6-da İsveçdə start verəcək. Komanda ilk mərhələdə Yunanıstan və ev sahibi komanda ilə qarşılaşacaq.