BAKI, 17 may. TELEQRAF

“Bakıya gələrkən qarşıma tələb qoyulmuşdu ki, elə çıxış edək “Neftçi” avrokuboklarda iştirak edə bilsin. Səmimi deyim ki, bu gün xoşbəxtəm”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub deyib.

“Bizim üçün çox vacib gecə oldu. Bilirdim ki, komanda 4-cü pillədən xeyli uzaqdadır.

Amma qarşıda çox matçın olduğunu da başa düşürdüm. Mən gələndə 2025-ci ilin sonlarına yaxın idi. Toplanış müddətində komandamı daha yaxından tanımağa və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə çalışdıq. Bilirdim ki, bu, çox çətin tapşırıqdır. Anlayırdım ki, buna nail ola bilərik. Sadəcə daha çox çalışmaq, üzərimizdə işləmək lazım idi.

Birinci növbədə hər bir futbolçu ilə fərdi söhbətlər apardım. Daha sonra nizam-intizamı qaydaya saldıq. Bilirdik ki, meydanda bir nömrəli kimi oynamalıyıq”.

Baş məşqçi klubda çalışan hər bir əməkdaşa təşəkkür edib: "Rəhbərliyə minnətdaram, hər zaman bizə dəstək oldu. Biz nə istədik, onlar bunu təmin etdilər. Bu, çox önəmli idi. Baxın, bu da qələbələrimizin təminatıdır".

O, komandaya gələrkən bütün oyunçulara mövsümün sonuna qədər heç kəslə vidalaşmayacağını bildirdiyini xatırladıb.

"Çünki bəlli bir komanda qurulmuşdu. Təbii, mövsümün sonunda müqaviləsi bitən futbolçular var. Komandaya yeni nəfəs lazımdır. Mən istəmirəm ki, Avrokuboklarda bir mərhələ keçdikdən sonra mübarizəni dayandıraq. Mənim Çempionlar Liqasında və Avropa Liqasında təcrübəm var. Konfrans Liqasında isə “Neftçi” ilə getmək istəyirəm.

Görəcəyimiz çox iş var. Ağır zəhmət çəkməliyik ki, qarşıda qoyulan hədəflərə çataq".