BAKI, 12 may. TELEQRAF
Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionat keçiriləcək.
Teleqraf xəbər verir ki, 14-17 may tarixlərində təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları mübarizə aparacaqlar.
Azərbaycan çempionatda həm kişilər, həm qadınlar, həm də 16 yaşlılar arasında təmsil olunacaq.
Kişilərdən ibarət komandamızın heyətində Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli yer alacaq. Komandanın kapitanı Qədir Hüseynov olacaq.
Qadınların yarışında isə Azərbaycanı Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova təmsil edəcəklər. Komandaya kapitan kimi İlahə Qədimova rəhbərlik edəcək.
Turnir çərçivəsində 16 yaşlılar arasında da yarış keçiriləcək. U-16 turnirində ölkəmizin heyətində Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynova çıxış edəcəklər. Komandanın kapitanı Fərid Abbasov olacaq.
Reqlamentə əsasən, şahmatçılar 45 dəqiqəlik partiyalarda mübarizə aparacaqlar. Hər gedişə 30 saniyə əlavə olunacaq və ümumilikdə 7 tur oynanılacaq.