BAKI, 1 yanvar. TELEQRAF
Məşhur NASCAR pilotu Denni Hemlinin atası Dennis Hemlin Şimali Karolinada baş verən ev yanğını nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları və "Fox News" məlumat yayıb.
Məlumata görə, 75 yaşlı Dennis Hemlin bazar günü axşam saatlarında Stanley şəhərində yerləşən evdə baş verən yanğın zamanı ağır xəsarətlər alıb və sonradan xəstəxanada vəfat edib. Onun həyat yoldaşı, Denni Hemlinin anası Meri Lu isə yanıq xəsarətləri ilə Uinston-Salem şəhərində ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib.
Yanğın yerli vaxtla saat 18:00 radələrində başlayıb. Hadisə yerinə Gaston və Linkoln dairələrinin fövqəladə xidmət əməkdaşları cəlb olunub. Alovun söndürülməsi təxminən iki saat çəkib və nəticədə ev tamamilə yanaraq yararsız hala düşüb.
Rəsmi qurumlar yanğının başvermə səbəbinin hazırda araşdırıldığını bildirib.
Qeyd edək ki, Dennis Hemlin evin sahibi olan daşınmaz əmlak şirkətinin meneceri kimi qeydiyyatda olub. Hadisə NASCAR ictimaiyyətində dərin kədər doğurub və bir çox tanınmış pilotlar Hemlin ailəsinə başsağlığı veriblər.
Xatırladaq ki, Denni Hemlin NASCAR Cup Series tarixində 60 qələbəsi olan, çempionluq uğrunda mübarizəsi ilə tanınan idmançılardandır. O, həmçinin "23XI Racing" komandasının həmtəsisçisidir.