.jpg)
BAKI, 7 mart. TELEQRAF
Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə növbəti iclası keçirilib.
MOK-un mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, qurumun vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin iclasında cari məsələlərin müzakirəsindən sonra Avropa Olimpiya Komitələri (EOC) tərəfindən Ağacan Abiyevə verilmiş mükafatın təltifetmə mərasimi keçirilib.
Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin fəxri baş katibi Ağacan Abiyevə EOC-un “Olimpiya çələngi” mükafatını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.
Ağacan Abiyev EOC-un mükafatına görə minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idman sahəsində qazanılan qələbələr bundan sonra da uğurla davam edəcəkdir.
İclasda idmançılardan Rövşən Hüseynov, Namiq Abdullayev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Fərid Mansurov, Faiq Qarayev, Alla Həsənova çıxış edərək, Ağacan Abiyevin Azərbaycan idmanındakı xidmətlərindən danışıb və mükafat alması münasibətilə onu təbrik ediblər.
Qeyd edək ki, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis "Olimpiya çələngi"nə Almaniyanın Frankfurt şəhərində keçirilən EOC-un 54-cü Baş Assambleyasında layiq görülüb. Baş Assambleyada mükafat Azərbaycan MOK-un baş katibi Azər Əliyevə təqdim edilmişdi.