BAKI, 3 avqust. TELEQRAF

Paytaxtın Nizami rayonunda talama cinayətləri qeydə alınıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər rayon ərazisində yerləşən marketlərin birindən 6612 manat dəyərində elektrik naqili oğurlayıblar.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Mammedov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin bir müddət əvvəl marketin anbarında çalışdıqları və oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə zavodların birinin anbarından ümumi dəyəri 4250 manat olan müxtəlif avadanlıqları talamaqda şübhəli bilinən 40 yaşlı Ə.Cavadov, 31 yaşlı O.Məmmədov və 62 yaşlı F.Musayev də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.