BAKI, 31 iyul. TELEQRAF

LOR, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il müddəttinə azadlıqdan məhrumetmə cəzasının verilməsini və cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Daha sonra prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərə 2 il həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkəcəklər.

Bundan əlavə, hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq Yaqub Əsədi 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb.

İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.