LERİK, 7 iyun. TELEQRAF

Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik magistralında baş verib.

Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb.

Qəza nəticəsində sürücü, onun həyat yoldaşı 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, 5 yaşlı övladları N.Q. və 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb.

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.