BAKI, 12 iyun. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də ümumi çəkisi 35,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan çox marixuana, 6,7 kiloqrama yaxın həşiş, 2 kiloqrama yaxın tiryək, 1,5 kiloqrama yaxın heroin, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 1113 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bundan başqa, iyunun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 10,2 ton çəkidə 21235 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.