BAKI, 8 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Səmədabad kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılı vəziyyətdə qalan və müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaşlar, 1942-ci il təvəllüdlü Hüseynova Gülnarə Məhəmməd qızı və 1991-ci il təvəllüdlü Əsgərova Çinarə Heybət qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Xilasedicilər tərəfindən 1969-cu il təvəllüdlü Qasımov Rza Yəhya oğlu və 1940-cı il təvəllüdlü Qarayev Şahbaz İsmayıl oğlununu meyiti avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
14:37
GORANBOY, 8 iyun. TELEQRAF
Goranboy rayonunda baş verən qəzada ölən və xəsarət alanların kimliyi müəyyənləşib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı 1940-cı il təvəllüdlü Şahbaz Qarayev və 1969-cu il təvəllüdlü Rza Qasımov aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1991-ci il təvəllüdlü Çinarə Əsgərova, 1994-cü il təvəllüdlü Gülsanə Tağıyeva, 1952-ci il təvəllüdlü Səməndər Cəfərov və 1967-ci il təvəllüdlü Mətanət Əliyeva dərhal təcili tibbi yardım maşınları ilə Gəncə şəhər və Goranboy rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
13:55
Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.