BAKI, 27 may. TELEQRAF

Balakən Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Teleqraf xəbər verir ki, “Mazımqara” gömrük postunda İran İslam Respublikasından Gürcüstana “qarpız” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlanılıb. Baxış zamanı yükdə şübhəli cizgilər müşahidə olunduğundan avtomobil əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı “qarpız” yüklü qutuların alt hissəsində xüsusi üsulla gizlədilmiş qablaşdırmalar aşkarlanıb.

Yoxlama nəticəsində ümumi çəkisi 110 kiloqram 300 qram olan xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.