BAKI, 12 may. TELEQRAF

Lökbatanda yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin 190 nəfər şəxsi heyəti, 40-a yaxın texnikası və 2 helikopter cəlb edilib.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, yanğında xəsarət alan olmayıb.

T.Babayev bildirib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində anbarda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinin 112 Qaynar xəttinə məlumat gələn kimi dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib, həmçinin Bakı Regional Mərkəzinin şəxsi heyəti də hadisə yerinə yönləndirilib.

"Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması nəzərə alınaraq yanğın yerinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə 190 nəfər şəxsi heyət, 40-a yaxın müxtəlif təyinatlı yanğınsöndürmə texnikası cəlb olunub. Eləcə də yanğının söndürülməsi üçün 2 ədəd helikopter yanğının söndürülməsində iştirak edib.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğına bitişik olan digər anbarlar tam olaraq mühafizə edilir. Yanğının baş verdiyi anbarın daxilində söndürülmə işləri əməkdaşlar tərəfindən həyata keçirilir", - Taleh Babyev qeyd edib.

O əlavə edib ki, yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. Bu barədə ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.