BAKI, 13 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanında yerləşən mebel sexinin fəaliyyətini dayandırıb.

Bu barədə Teleqraf-a FHN-dən məlumat verilib.

Bildirilib ki, sexdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyekt yanğın su hovuzu və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;

- obyektdə standarta uyğun olmayan qızdırıcı sobalardan istifadə olunur;

- obyekt ilkin yanğınsöndürmə vasitələri, o cümlədən odsöndürən balonlarla tam təmin olunmayıb;

- obyekt havalandırma ventilyasiya qurğusu ilə təmin edilməyib;

- sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- obyektin bəzi tavan hissələri yanar materiallarla üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;

- obyektin ərazisi gecə işıqlandırılması ilə təmin edilməyib və yanar tullantılardan təmizlənməyib;

- ⁠ yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanında yerləşən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.