ŞƏMKİR, 9 fevral. TELEQRAF
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Şəmkir Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Xəstəxanadan Teleqraf-ın Qərb bürosuna bildirilib ki, 8 fevral 2026-cı il tarixində saat 16:30 radələrində Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət almış 3 nəfər (kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
1997-ci il təvəllüdlü şəxs isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
8 fevral. 22:57
Şəmkir rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Sabirkənd kəndi ərazisində qeydə alınıb.
Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.
Qəza zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində ölüb. Sürücü və sərnişinlər, Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alıblar. Xəsarət alanların hamısının hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.