BEYLƏQAN, 8 yanvar. TELEQRAF
Bu gün saat 04:00 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, yaralanan şəxslər (1991-ci il təvəllüdlü İbrahimov Şəmil Əli oğlu, 2002-ci il təvəllüdlü Əhmədova Aytac Taleh qızı, 2019-cu il təvəllüdlü İbrahimzadə Nurlan Şəmil oğlu, 2021-ci il təvəllüdlü İbrahimzadə Adəm Şəmil oğlu) bir ailənin üzvüdür.
***
09:10
Beyləqanda avtomobil su kanalına düşüb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lada" markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.