LƏNKƏRAN. 7 dekabr, TELEQRAF
Lənkəranda iki bacı dəm qazından zəhərlənib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.
Kənd sakinləri 1958-ci il təvəllüdlü Firayə Cabir qızı Kərimova və bacısı, 1972-ci il təvəllüdlü Rəna Cabir qızı Kərimova vanna otağında huşsuz vəziyyətdə aşkar ediliblər.
Hər iki bacı ağır vəziyyətdə əraziyə çağırılan tibbi briqada tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Yaxınlarının sözlərinə görə, vanna otağında odun peçi olub və üzərində buxar verən daşlar yerləşdirilib. Ehtimal olunur ki, həmin şəraitdə yaranan buxar dəm qazının toplanmasına səbəb olub.
Qeyd edək ki, Rəna Kərimova bacısı Firayə Kərimovanın evinə qonaq gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.