BAKI, 7 yanvar. TELEQRAF
Bu gün saat 20 radələrində metronun “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.
Teleqraf xəbər verir ki, dərhal rels yüksək gərginlikdən çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.
Təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.
Hadisə nəticəsində qatarların hərəkətində yubanmalar yaranıb.