BAKI, 7 yanvar. TELEQRAF
Bu gün Qazax rayonunun Xanlıqlar kəndi ərazisindəki partlayışla müşayiət olunan yanğın “SOCAR Petroleum” QSC-yə məxsus 7 saylı neft bazası sahəsində baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “SOCAR Petroleum" QSC məlumat yayıb.
Hadisə nəticəsində həyatını itirən Şəmil İbrahimov neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışıb.
***
14:39
Şəxsin avtomobildə baş vermiş partayış nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.
***
14:06
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
Hadisə nəticəsində ölən şəxsin Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov olduğu bildirilir.
***
13:41
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.