LƏNKƏRAN, 6 yanvar. TELEQRAF

Lənkəranda ikimərtəbəli evdə yanğın olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə səhər saat 6–7 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

Ev sahibinin sözlərinə görə, yanğın baş verən vaxt ailənin 5 üzvü Bakı şəhərində olub. Yaxınlarının zəngi ilə hadisədən xəbər tutan ailə Lənkərana qayıdıb və evə baxış zamanı bəzi əşyaların yoxa çıxdığını aşkarlayıb. Ev sahibi iddia edir ki, naməlum şəxslər evə oğurluq məqsədilə daxil olub, hətta mətbəxdə mürəbbə yeyiblər və daha sonra evi yandırıblar. Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Teleqraf-a bildirib ki, yanvarın 6-da Göyşaban kəndində yerləşən evlərin birindən oğurluq edilməsi və daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda müraciət üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, ev sahibinə təqribən 30 min manata yaxın ziyan dəyib. Faktla bağlı araşdırma davam etdirilir.