BAKI, 31 dekabr. TELEQRAF
ABŞ-nin Vircin adalarının hakimiyyəti “Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan "Meta" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət platformalarında dələduzluq xarakterli reklamların yayılmasına və uşaqlar üçün təhlükə yaradılmasına göz yummaqda ittiham olunur.
"Teleqraf" xəbər verir ki, "Reuters"in məlumatına görə, iddiada "Meta"nın öz platformalarında yayımlanan saxta investisiya təklifləri, maliyyə fırıldaqları və digər dələduzluq reklamlarından xəbərdar olmasına baxmayaraq, lazımi tədbirlər görmədiyi qeyd edilir.
Vircin adalarının baş prokuroru bildirib ki, "Meta" bu cür reklamlar vasitəsilə böyük gəlir əldə edir və istifadəçilərin, xüsusilə də azyaşlıların təhlükəsizliyini kommersiya maraqlarına qurban verir. İddiada vurğulanır ki, sosial şəbəkələr uşaqları psixoloji risklərə, istismara və zərərli məzmunlara məruz qoyur.
"Reuters" yazır ki, məhkəmə iddiasında "Meta"nın daxili sənədlərinə istinad edilərək, şirkət rəhbərliyinin platformalarda mövcud problemlərdən xəbərdar olduğu, lakin reklam gəlirlərinin azalacağı qorxusu ilə effektiv nəzarət mexanizmlərini tətbiq etmədiyi iddia olunur.
"Meta" isə ittihamları qəbul etmir. Şirkətin nümayəndəsi açıqlamasında bildirib ki, dələduzluq və uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə ciddi yanaşılır, zərərli reklamların qarşısını almaq üçün süni intellekt və insan nəzarəti mexanizmlərindən istifadə olunur.
Qeyd edək ki, "Meta" son illər ABŞ-də və digər ölkələrdə platformalarında uşaqların təhlükəsizliyi və zərərli məzmunun yayılması ilə bağlı bir sıra istintaq və məhkəmə prosesləri ilə üzləşib.