BAKI, 30 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda müşavirə keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Nazirliyin aidiyyəti yerli qurumlarının, Samux Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Gəncə Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rauf Abbasov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

Tədbirdə digər çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra təkliflər irəli sürüblər.

Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.