BİLƏSUVAR. 27 dekabr. TELEQRAF
Biləsuvarda baş verən qəzada ölənlərin kimliyi məlum olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza nəticəsində 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və onun 2003-cü il təvəllüdlü bacısı Aynur Rüstəmova dünyasını dəyişiblər.
***
19:31
Biləsuvarda baş verən qəza ilə bağlı TƏBİB məlumat yaydı.
Teleqraf-a daxil olan məlumatda bildirilir ki, bu gün saat 17 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
19:27
Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatı məlum olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
F.Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.
Araşdırma aparılır.
***
18:58
Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatı məlum olub.
Teleqraf xəbər verir ki, qəzada ölənlər iki bacı olublar. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.
***
18:31
Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.