BAKI, 27 dekabr. TELEQRAF
ABŞ-nin Nebraska ştatında yerləşən "McDonald’s" restoranının giriş hissəsində baş verən qeyri-adi qəza nəticəsində 69 yaşlı kişi ölüb.
Teleqraf xəbər verir ki, hadisə Grand Ayland şəhərində qeydə alınıb. Maykl Dikinson adlı kişi avtomobili ilə ödəniş pəncərəsinə yaxınlaşarkən, pulu uzatmaq üçün maşının qapısını açaraq daha çox irəli əyilib. Bu zaman avtomobilin qəfil hərəkət etdiyi ehtimal olunur və o, avtomobil ilə ödəniş pəncərəsi arasında sıxılıb.
Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polisin məlumatına görə, hadisə tamamilə təsadüfi və gözlənilməz qəza kimi qiymətləndirilir. Restoran əməkdaşlarından biri sərnişin tərəfindən avtomobilə daxil olaraq onu xilas etməyə çalışsa da, cəhd nəticəsiz qalıb. Həmin əməkdaş da xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.