BAKI, 25 dekabr. TELEQRAF

Bakının Qaradağ rayonunda qəzaya uğrayan “Mercedes” markalı mikroavtobus qəsəbələrarası sərnişindaşıma ilə məşğul olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, "İsuzu" markalı avtobus qarşıda gedən “Mercedes” markalı avtobusa dəyib, nəticədə qəza baş verib.

Əli Gənctürk

***

13:51

Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Məryəm Surxay

***

11:47

Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən Teleqraf-a verilən xəbərə görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub.

Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

***

11:31

Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.