BAKI, 12 oktyabr. TELEQRAF

Moskva Hərbi Məhkəməsi rüşvət almaqda təqsirləndirilən Rusiya Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsi, general-leytenant Yuri Kuznetsovun həbs müddətini dekabrın əvvəlinə qədər uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı generalın vəkili Aleksey Perşin TASS-a açıqlama verib.

Həbs müddəti həmçinin bu iş üzrə ittiham olunan iş adamı Lev Martirosyana da şamil olunub. Bildirilir ki, istintaq artıq başa çatıb. Eyni zamanda qəsdiqlənməsi üçün prokurorluğa təqdim edilib.

İstintaqın versiyasına görə, Y.Kuznetsov Krasnodar Ali Hərbi Məktəbi ilə müqavilə imzalanması zamanı Lev Martirosyandan rüşvət alıb. Müstəntiqlər qeyd edirlər ki, tərəflər arasında 372 milyon rubldan artıq dəyəri olan dövlət sifarişləri və xidmət müqavilələri olub. Əvəzində L.Martirosyan generalın adına Krasnodarda torpaq sahəsi və yaşayış evi rəsmiləşdirib.

Yuri Kuznetsova qarşı Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı bəndi (xüsusilə külli miqdarda rüşvət alma) ilə, Martirosyana isə 291-ci maddənin 5-ci bəndi (xüsusilə külli miqdarda rüşvət vermə) ilə ittiham irəli sürülüb. Təhlükəsizlik tədbiri kimi hər iki şəxsin əmlakına həbs qoyulub. Onlar özlərini təqsirli bilmir və ittihamları qəbul etmirlər.

General Kuznetsov 2010–2023-cü illərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb. 2023-cü ilin mayında isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəhbəri təyin olunub.