BAKI, 27 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Quba rayonu, Qalayxudat kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobili dərəyə aşıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan şəxs 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.

TƏBİB-dən bildirilib ki, avqsutun 27-də, saat 14:00 radələrində Quba rayonunun Qalayxudat kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə daxil olan 1977-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.