AĞCABƏDİ, 11 avqust. TELEQRAF

10 avqust saat 22:00 radələrində Ağcabədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1962-ci il təvəllüdlü şəxsə hər iki qamış sümüyünün qəlpəli sınığı, 1996-cı il təvəllüdlü şəxsə isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu təyin olunub.

1962-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər şəxsə zəruri tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

***

11:30

Ağcabədidə iki yük maşını toqquşub, sürücülər ağır xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Mingəçevir Bəhrəmtəpə yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Biləsuvar rayon sakini 1997-ci il təvəllüdlü Seymurov İsmayıl Vüqar oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Ağcabədi rayon Aşağı Avşar kənd sakini 1962-ci il təvəllüdlü Nadirov Əhliman Xanoğlan oğluna məxsus "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Qəza zamanı FHN-nin Ağcabədi rayon yanğınsöndürən hissəsinin xilasediciləri sıxılı vəziyyətdə qalan Ə.Nadirovu çıxarıb. Yaralı sürücülər Ə.Nadirov və İ.Seymurov təcili tibbi yardım avtomobili ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.