BAKI, 7 avqust. TELEQRAF

Bu gün saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

"1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.
Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir", - məlumatda qeyd edilib.

***

10:06

ŞƏMKİR, 7 avqust. TELEQRAF

Şəmkirdə 7 nəfərin ölümü ilə nəticələnən ağır qəzaya səbəb kimi sürücü Arif Bağırovun yuxulu olması ehtimal edilir.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə səhər saat 5:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Dəllər Çayır kəndi ərazisindən keçən 404-cü kilometrliyində baş verib.

Ağstafa rayon sakini, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı 99-GO-705 dövlət qeydiyyat nişanlı mikroavtobus, qarşı hərəkət zolağında hərəkətdə olan 1974-cü il təvəllüdlü Şakir Quliyevin idarə etdiyi “KAMAZ 5511” markalı 20-DL-094 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxasına qoşulmuş QKB markalı 35-ZA-143 dövlət nömrə nişanlı qoşqunun arxa sol hissəsi ilə toqquşub.

***

09:56

Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

09:07

Şəmkir rayonunda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Bakı–Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində - Dəllər-Cəyir kəndində qeydə alınıb.

Qəzada ölənlər:

Şəadət Bayramov (1992)
Bəsti Nəbiyeva (1975)
Aydın Pənahov (1977, Bakı sakini)
Qızxanım Tomayeva (1962)
Kənan Məmmədov (2008)
Fəxriyyə Novruzova (1978)
Arif Bağırov (1966)

Qəzada xəsarət alan şəxslər:

Şahniyar Pənahova (1975, Bakı sakini)
Kamran Məmmədov (1969)
Nərmin Əliyeva (2004)
Məcid Qəribov (1995)
Bəkinaz Gözəlova (1970)

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, müvafiq araşdırmalar davam etdirilir.

Məlumat üçün bildirək ki, vəfat edən və xəsarət alan şəxslərin əksəriyyəti Ağstafa rayon Muğanlı kənd sakinləridir. Qəza "Mercedes Sprinter" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində baş verib.

***

08:05

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Bakı–Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində - Dəllər-Cəyir kəndində qeydə alınıb.

İlkin məlumata görə, mikroavtobus yük maşınına çırpılıb.

Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.