LƏNKƏRAN, 3 iyul. TELEQRAF
Lənkəran rayonunun Biləsər kəndində kişinin həyat yoldaşına xəsarət yetirdikdən sonra özünə qəsd etməsinin təfərrüatları məlum olub.
Teleqraf-ın Cənub bürosunun əldə etdiyi xəbərə görə, 1973-cü il təvəllüdlü Məzahir Ağamməd oğlu Rəcəbov əvvəllər məhkumluq həyatı yaşayıb.
O, 6 il əvvəl ailə həyatı qurub və bu müddət ərzində həyat yoldaşı ilə tez-tez mübahisələr edirmiş. Ailə münaqişəsi səbəbindən M.Rəcəbov dəfələrlə özünə qəsd edəcəyini dilə gətirirmiş.
Kənd sakinlərinin sözlərinə görə, o, bir neçə ay əvvəl həmkəndlilərindən birinə belə bir vəsiyyət də edib:
"Mən öləndən sonra məzarımın üstünə sadə, kiçik bir başdaşı qoyarsınız. Mən heç kimə pislik etməmişəm. İstəmirəm ki, məni pis insan kimi tanısınlar".
İlkin informasiyada M.Rəcəbovun arvadını bıçaqladığı bildirilsə də, araşdırma zamanı onun qadını ağacla döyüb xəsarət yetirdiyi məlum olub.
Qeyd edək ki, Məzahir Rəcəbov 6 il evli olsa da, onun övladı olmayıb.
***
13:51
Lənkəranda ər həyat yoldaşını bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib və ölüb.
Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Biləsər kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Ağamməd oğlu Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o, öz boğazını kəsib.
Məzahir Rəcəbov hadisə yerində keçinib. Onun həyat yoldaşı isə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.