GORANBOY, 29 iyun. TELEQRAF

Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:10 radələrində Goranboy rayon Səfikürd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (6-sı qadın,1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

1980-ci il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Digər 6 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər", - məlumatda qeyd edilib.

***

15:38

Goranboyda yol qəzasında xəsarət alanların adları bilinib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, xəsarət alanlar Gəncə şəhər sakinləri 1965-ci il təvəllüdlü Tərcümam Həsənova, 1970-ci il təvəllüdlü İlhamə Əliyeva, 1980-ci il təvəllüdlü Səfikürd kənd sakini Salman Qasımov, Bakı şəhər sakinləri 1961-ci il təvəllüdlü Leyli İsaqova və 1968-ci il təvəllüdlü Südabə Həmidova, Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Qəmər Hüseynova, Göygöl rayon sakini 1969-ci il təvəllüdlü Zenfira Həsənovadır.

Onlar müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

14:35

Goranboy rayonunun Səfıkürd kəndində baş verən yol qəzasında xəsarət alan şəxslərin sayı beş nəfərə çatıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yaralılardan üç nəfərin vəziyyəti daha ağırdır.

Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların özəl tibb müəssisələrindən birinə köçürüləcəyi ehtimal edilir.

***

14:11

Goranoboy rayonunda "VAZ 2106" markalı avtomobil "Spirinter" markalı avtomobillə toqquşub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Safıkürd kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb