
BAKI, 17 iyun. TELEQRAF
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.
Baş Prokurorun digər əmrilə Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin olunub.
2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.