GƏNCƏ, 22 aprel. TELEQRAF

Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

"Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir", - məlumatda bildirilib.

16:15

GƏNCƏ, 22 aprel. TELEQRAF

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki məktəblərin birində 2 nəfər şagirdin mübahisə etməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı həmin şagirdlərin valideynlərinin iştirakı ilə izahatları alınıb, məktəblilərdən xəsarət alan yoxdur.

Qeyd olunub ki, hadisə ilə bağlı hazırda araşdırmalar davam etdirilir.

***

15:33

GƏNCƏ, 22 aprel. TELEQRAF

Gəncədə bir qrup məktəbli arasında dava olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Davada müxtəlif dərəcəli bədən xəsarəti alan Fərid Quliyev, Amin Hümbətov və Raul Hüseynov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Xəsarət alanlar Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin 9-10-cu sinif şagirdləridirlər.

Hadisənin məktəbin ərazisindən kənarda baş verdiyi bildirilir.