MİNGƏÇEVİR, 16 aprel. TELEQRAF

Mingəçevirdə "Yeni həyat" köçkün şəhərciyində 40-dək fərdi təsərrüfatı su basıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, gecədən davam edən güclü yağış köçkün şəhərciyində yerləşən evlərin həyətlərində ciddi fəsadlar yaradıb.

Həmçinin evlərin zirzəmiləri su ilə dolub, həyətlərə aparan yollar isə keçilməz olub. Yağıntı nəticəsində dolub-daşan su kanalları arxları da məhvərindən çıxarıb. Xüsusi ilə də Natəvan küçəsi və həndəvərindəki fərdi təsərrüfatlar daha çox ziyan görüb.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən fəsadlarla bağlı Teleqraf-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların müraciətləri əsasında hazırkı vəziyyətdən məlumatlıdırlar. Vəziyyət mütəxəssislər tərəfindən öyrənilir və mərhələli şəkildə su basan ərazilərə zəruri texniki dəstək göstərilir.