BAKI, 16 aprel. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian keçmiş vitse-prezident Məhəmməd Cavad Zərifin bu vəzifədən istefasını şərh edib.

Teleqraf xəbər verir ki, o, bir sıra məhdudiyyətlərin Zərifin administrasiyadan getməsinə səbəb olduğunu etiraf edib.

Pezeşkian əlavə edib ki, keçmiş vitse-prezidentin təcrübəsindən istifadə etməyə hazırdır.

Zərif martın 3-də istefa verib. O zaman "X" sosial şəbəkəsində yazmışdı ki, məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Möhsün Ejeyi tərəfindən görüşə dəvət olunub və bu görüşdə İranın baş hakimi ona ölkədəki vəziyyəti nəzərə alaraq vitse-prezidentə istefa verməyi tövsiyə edib.

Zərif vitse-prezident təyin olunduqdan sonra parlamentdəki bir qrup deputat onu kəskin tənqid edərək, övladlarından ən azı birinin ABŞ vətəndaşı olması səbəbindən yüksək vəzifəyə təyinatının qanunsuz olduğunu iddia etmişdi.

İran qanunlarına görə, özü və yaxınları xarici vətəndaşlığı olan şəxslər hökumətdə məsul vəzifələrə təyin edilə bilməz.