İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu bu gün Azərbaycana rəsmi səfər edəcək. O, Azərbaycanda bir gün qalacaq və Bakıdan Astanaya yollanacaq. Qeyd edək ki, İsrail hökumətinin başçısı bundan əvvəl də bir dəfə - 1997-ci il avqustun 29-da Bakıda olub.

Teleqraf.com müxtəlif mənbələrə istinadən İsrail-Azərbaycan münasibətlərinin tarixinə dair hazırladığı arayışı təqdim edir.

Münasibətlərin tarixi

Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə ilk aşkenazilər Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub.

1870-ci ildə Bakıda neft çıxarılmağa başladıqdan sonra Azərbaycana yəhudi biznesi nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel bu ərazidə geniş fəaliyyət göstəriblər.

Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir.

Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 70 min yəhudinin yaşamasıdır.

İkitərəfli siyasi münasibətlər

İsrail 25 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 6 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.

İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. 28 yanvar 1995-ci ildə Prezident Heydər Əliyev İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin xarici işlər naziri Şimon Pereslə, elə həmin il 22 oktyabrda BMT Baş Məclisinin iclasında İsrailin baş naziri İsak Rabinlə, 11 yanvar 1996-cı ildə Fransanın keçmiş prezidenti Fransua Mitteranın dəfn mərasimində İsrailin artıq baş naziri olan Şimon Pereslə, 2 dekabr 1996-cı ildə isə ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

29 avqust 1997-ci ildə İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb.

Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır."

Prezident Heydər Əliyev 18 noyabr 1999-cu il tarixdə Türkiyədə ATƏT-in sammitində İsrailin baş naziri Ehud Barakla görüşüb. İki ölkə arasında yaranmış münasibətlərdən bəhs edə Azərbaycan Prezidenti bildirib: "Xaricdə yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizə ziyarət edirlər. Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca zəruridir."

2000-ci ilin 6 sentyabrında Prezident Heydər Əliyev ABŞ-da İsrailin baş naziri Ehud Barakla yenidən görüşüb.

İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Prezidenti İlham Əliyev də diqqətlə yanaşır. Onun İsrail dövlət başçıları ilə, əsasən də Şimon Pereslə bir sıra görüşləri olub. Prezidentlər İlham Əliyev və Şimon Peres 2006-cı ilin iyun ayında Astanada ( Ş.Peres o zaman İsrail baş nazirinin müavini idi), 10 avqust 2008-ci il tarixində Pekində Olimpiya Oyunlarının açılış mərasimi zamanı və 30 yanvar 2009-cu ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda görüşüblər.

28-29 iyun 2009-cu ildə Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir və 50 nəfər iş adamı ilə birgə Azərbaycana rəsmi səfərə gəlib. İsrail prezidenti Şımon Peresin səfəri zamanı Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə iki müqavilə imzalanıb. Bu sənədlərdən biri kommunikasiya sahəsində əməkdaşlığı, digəri isə təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutur.

2010-cu il fevralın 15-də İsrailin baş naziri Ehud Olmertin Bakıda rəsmi səfərdə olub.

Mədəni əlaqələr

Ölkələr arasında mədəni əlaqələrin inkişafında diasporun rolu böyükdür. Yəhudi icması Azərbaycanda ən fəal icmalardan biridir. Azərbaycanda 3 yəhudi icması mövcuddur: əsasən Quba (Qırmızı Qəsəbə) və Bakıda yaşayan dağ yəhudiləri; əsasən Bakı və Sumqayıtda yaşayan yəhudi aşkenazlar; Gürcüstanla sərhəddə yaşayan Gürcüstan yəhudiləri.

Azərbaycanda "Soxnut" yəhudi agentliyi, "Coynt" və "Vaad-L-Xetzola" komitələri yəhudi adət-ənənələrinin qorunması və saxlanılması ilə məşğul olur. Həmçinin, yəhudi icmasının mədəni mərkəzi, "Yeva" qadın cəmiyyəti, "Hesed-Qerşon" xeyriyyə cəmiyyəti, "Alef", "Kilel" gənclər klubu, "Mişpaxa" videoklubu, yəhudi dini məktəbləri - ieşivlər, "Xabad Or-Avner" orta məktəbi fəaliyyət göstərir.

Bakıda 2003-cü ildə açılmış sinaqoq Avropada ən böyük sinaqoqlardan biri sayılır. Quba rayonunun Qırmızı Qəsəbə kəndində sinaqoq və dini ayinləri icra etmək üçün mikva mövcuddur.

Azərbaycanda "Az-İz", "Qüllə" və "Amişav" kimi yəhudi dilində qəzetlər nəşr olunur.

İsraildə də Azərbaycandan gəlmə yəhudilər mədəni əlaqələrin saxlanılmasında çox fəaldırlar. Burda Azərbaycan mədəniyyət guşəsi, Afula şəhərində Azərbaycan mədəniyyət mərkəzi, Azərbaycanda İsrail mədəniyyət mərkəzi fəaliyyət göstərir. 1991-ci ildə İsrailin Hayfa şəhərində Azərbaycandan gedən yəhudilər tərəfindən "Hayfa-Bakı" Cəmiyyəti yaradılıb.

25 may 2005-ci ildə Azərbaycan əsilli məşhur caz pianoçusu Leonid Ptaşka həmkarı Şlomo Qronixlə birgə Müslüm Maqomayev adına Bakı Filarmoniyasında konsert verib.

12 Aprel 2007-ci ildə İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır. Təşkilatın bu ölkədə 50 mindən çox üzvü var. Azİz-in təşkilatçılığı ilə 2008-ci ilin noyabrında İsraildə M.Maqomayevin xatirə gecəsi keçirilib. 21 iyun 2007-ci ildə - Bakıda İsrail-Azərbaycan diplomatik münasibətlərinin 15-ci ildönümünə həsr olunmuş muğam konserti keçirilib.

İqtisadi əlaqələr

İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. O, neftə olan tələbatının 30 faizini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir. Hazırda İsrail Azərbaycan qazını almağa maraq göstərir.

1993-cü ildən Azərbaycanın AZAL şirkəti Bakı və Tel-Əviv arasında hava reysini həyata keçirir. Azərbaycanda mobil telefon sahəsində ilk dəfə İsrail şirkəti - "Bakcell" investisiya yatırıb və Azərbaycan bazarında ilk mobil telefon operatoru olub. 2007-ci ilin fevralında iki ölkə arasında ilk iqtisadi sənəd olan İnvestisiyaların Qorunması və Təşviqi haqqında razılaşma imzalanıb.

7-8 iyul 2009-cu ildə Bakıda İsrail-Azərbaycan Tikinti Forumu keçirilib. Forumda6 İsrail şirkəti iştirak edib. 29 iyun 2009-cu ildə Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib. Forumda İsrail tərəfindən 6 şirkət və həmçinin hər iki ölkənin prezidentləri iştirak edib.

Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin (156 km) yenidən qurulması layihəsində İsrailin "Binui ve "Shikun" şirkəti də iştirak edib. Hazırda Azərbaycanda onlarla İsrail firması fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsi 2009-cu ildə 4 milyard dollara çatıb.

Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. İşçi qrupunun sədri Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramovdur.

İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. 2009-cu ildə Azərbaycana səfəri zamanı İsrail prezidenti Şimon Peres ölkəsinin bu mövqeyini bir daha bəyan edib.

İsrail Dövlətinin baş naziri Benyamin Netanyahunun bu gün Azərbaycana gerçəkləşəcək rəsmi səfərinin ikitərəfli əlaqələrin genişlənməsi istiqamətində parlaq səhifə açacağı heç kimdə şübhə doğurmur.

Səxavət HƏMİD