Rəsmi İrəvan Asiya və Hindistan məhsullarının Ermənistan üzərindən Avropa bazarına daşınacağına ümid edir. Ermənistan rəsmiləri bu məqsədlə tez-tez hindistanlı həmkarları ilə görüşür, fikir mübadiləsi aparırlar. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın sözlərinə görə, Hindistan və ölkəsi arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur. “Məqsədimiz Hindistanın Mumbay limanından Ermənistana malların daşınmasıdır”, deyən nazir maya qədər bütün məsələləri həll edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertlərinə görə, bu, İrəvanın istəyidir, amma İran və Hindistanın Ermənistanla tərəfdaşlığına baxmayaraq, Ermənistan marşrutu ilə bağlı yekun qərar verməyib:
“İran və Hindistanın əsas tərəfdaşlarından biri – Rusiya da Ermənistan marşrtunun seçilməsində maraqlı deyil. Çünki İran və Hindistan Ermənistan marşrutunu seçərlərsə, Rusiya nəqliyyat dəhlizindən kənarda qalacaq. Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçməsində maraqlıdır.
Bu arada, Hindistan xarici işlər naziri Subramanyam Cayşanxarın İrana səfəri diqqəti çəkib. İki ölkənin xarici işlər nazirləri “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq” haqqında sənəd imzalayıb. Sənədə əsasən, tərəflərin iştirakı ilə işçi qrupu yaradılacaq. İşçi qrupu Çabahar limanının tranzit, yükaşırma imkanlarının artırılmasına və texniki təchizat məsələlərinə baxacaq.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Çabahar limanının inkişafı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də tranzit imkanlarını artıracaq. Çabahar Şimal-Cənub dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayır. Hindistanın Mumbay limanından yüklər İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə daşınmalıdır. İran və Azərbaycan beynəlxalq layihədə tranzit ölkə kimi çıxış edir.
Hindistan keçmiş illərdə Çabahar limanının yenidən qurulması və müasir texniki vasitələrlə təmin olunması üçün 2 milyard dollarlıq sərmayə qoymaq haqda qərar qəbul etmişdi. Dehli bu liman vasitəsilə həm Mərkəzi Asiya ölkələrinə, həm də Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyir. Mumbay regionda ən böyük yükaşırma qabiliyyəti olan limandır. Mütəxəssilərin fikrincə, bölgə ölkələrində fəaliyyət göstərən iri şirkətlər yüklərini Mumbaydan Avropaya daha ucuz və daha tez çatdıra bilərlər”.
Təhlildə vurğulanır ki, Hindistan Asiyanın əsas nəqliyyat dəhlizlərindən birinə çevrilmək istəyir:
“Məqsəd Cənub-Şərqi Asiya ölkələrindən yüklərin Mumbayda cəmlənərək Çabahar limanına daşınmasıdır. Daha sonra yüklərin əsas hissəsinin Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu ilə birbaşa Avropaya çatdırılması planlaşdırılır.
Azərbaycan tranzit ölkə olaraq həm Çin, həm də Asiya və Hindistan məhsullarının Avropaya daşınmasında mühüm rol oynayacaq. Azərbaycan son illərdə daxili infrastrukturu genişləndirmək və ölkə ərazisindən daşınma imkanlarını artırmaq üçün milyardlarla dollar yatırım qoyub. Ermənistan bunların heç birini etməyib. Buna baxmayaraq, İrəvan tələsir.
Ermənistan hökuməti Zəngəzur dəhlizini yubatmaqla Orta dəhlizdən kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. İrəvanın bu halda əsas ümidi Hindistan-İran marşrutunadır. Müəyyən həcmdə yüklərin Ermənistan üzərindən Gürcüstana, oradan da Qara dəniz limanları vasitəsilə Avropaya daşınması mümkündür. Ancaq yüklər böyük həcmdə olmayacaq. Ermənistan hökumətinin daxili infrastruktura lazımi maliyyə xərcləmədən və Rusiya amilini nəzərə almadan Hindistan-İran marşrutuna ümidləri puça çıxa bilər”.