“Nikol nə ilə razılaşıb və ya nə vəd edibsə, bunları bilirik: Qarabağ və 8 anklav Azərbaycanın tərkib hissəsidir. Qalanını hələ bilmirik”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovannisyan deyib.

“Dünən əsas gündəm mövzusu Nikolun beynəlxalq zəngləri idi: Makron, Blinken, Şolz, Rəisi, Qaribaşvili. Bu qədər zəngdən sonra heç olmasa bir şey varmı, yoxsa...?! Əlbəttə, içində nəsə olsa, yaxşı olardı.

Ermənistan rəhbəri gərginliyi azaltmağa çağırır. Bunda qəbahət yoxdur. Amma zəng edəndə bütün razılaşmaları bir daha təsdiqləyir və Azərbaycan lideri ilə görüş təşkil etməyə çağırır. Nikol nə ilə razılaşıb və ya nə vəd edibsə, bunları bilirik: Qarabağ və 8 anklav Azərbaycanın tərkib hissəsidir. Qalanını hələ bilmirik”, - ekspert bildirib.

Ovannisyanın sözlərinə görə, gərginlik azalsa belə, durum dəyişməyəcək, Paşinyanın imza atdığı razılaşmalar yerinə yetirilməlidir. Yəni Qarabağ Azərbaycanın tərkibində qalacaq, Ermənistanın işğalında olan 8 anklav – Naxçıvanın 1, Qazaxın 7 kəndi qaytarılacaq.

“Əgər vasitəçilərin səyindən sonra Azərbaycan danışıqlara gələrsə, amma Ermənistan bu və ya digər səbəbdən sülh müqaviləsini imzalamaqdan imtina edərsə, o zaman Azərbaycan yeni müharibə üçün tam azadlıq əldə edəcək. Vasitəçilər isə bunun qarşısını almaq və ya məhdudlaşdırmaq üçün heç nə etməyəcəklər”, - Ovannisyan vurğulayıb.