BAKI, 24 sentyabr. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, ordu generalı Oleq Salyukov İrəvanı ABŞ-nin "təhlükəsizlik zəmanətləri"nin gətirə biləcəyi məyusluq barədə xəbərdar edib.
Teleqraf xəbər verir ki, Salyukov jurnalistlərə bildirib: "Əgər İrəvan ABŞ təhlükəsizlik zəmanətlərini seçərsə, əldə edilən nəticələrdən mütləq məyus olacaq".
Salyukov qeyd edib ki, Qarabağın Azərbaycanın yurisdiksiyasına verilməsi ilə bağlı hadisələr əsasən 2018-ci ilin qondarma "məxməri inqilab"ı nəticəsində hakimiyyətə gələn Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin nəticəsidir: "Lakin bu hadisələrin nəticələri Ermənistan rəhbərliyi tərəfindən səhvləri düzəltmək üçün bir stimul kimi deyil, Rusiya ilə hərbi-texniki əməkdaşlığın səmərəsizliyi və Ermənistanın KTMT-də iştirakı barədə ictimai bəyanatlar üçün bəhanə kimi istifadə edilib ki, bu da bizim fikrimizcə, tamamilə əsassızdır".
Katib xatırladıb ki, Rusiya ilə Ermənistan arasında hərbi sahədə qarşılıqlı əlaqə MDB məkanının formalaşmasından və KTMT strukturlarının yaradılmasından sonra silahlı qüvvələrin inkişafı, o cümlədən hərbi kadrların hazırlanması üçün vahid standartlarla bütün sahələr üzrə ortaq hərbi və iqtisadi təhlükəsizlik prinsipinə uyğun olaraq həyata keçirilib: "Ermənistan Silahlı Qüvvələri hazırda 90% Rusiya silahları ilə təchiz olunub və ən müasir Rusiya silah sistemlərinə, o cümlədən "İsgəndər" OTRK-sına, "Tor-M2" hava hücumundan müdafiə sistemlərinə, Su-30SM təyyarələrinə və qabaqcıl zirehli texnikaya malikdir. Ermənistan Silahlı Qüvvələrinin zabit korpusunun əksəriyyəti Sovet və Rusiya hərbi akademiyalarının məzunlarıdır. KTMT-yə gəldikdə, cənab Paşinyan müntəzəm olaraq Ermənistanın KTMT-dən çıxarılmasına etiraz etmədiyini bildirir. Bu arada, Rusiya yeni əsrdə dəfələrlə sübut edib ki, qarşılıqlı razılaşmalara əməl olunduğu təqdirdə KTMT üzv ölkələr üçün təhlükəsizliyin qarantıdır”.