BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycan və Macarıstan arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq əlaqələrin inkişafında mühüm rol oynayır.

Teleqraf xəbər verir ki, bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Macarıstanın Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.

O bildirib ki, iki ölkə arasında siyasi məsləhətləşmələr, strateji dialoq və yüksək səviyyəli görüşlər əməkdaşlığın genişlənməsinə töhfə verir.

N. Qurbanova enerji, nəqliyyat, tranzit, qarşılıqlı investisiyalar və bərpaolunan enerji sahələrini perspektivli əməkdaşlıq istiqamətləri kimi qeyd edib.

O, həmçinin “Stipendium Hungaricum” təqaüd proqramının təhsil əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb.

Diplomat Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini bildirərək ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.