QƏBƏLƏ, 6 oktyabr. TELEQRAF
“Azərbaycana gəldikdən sonra oyunçuları daha yaxşı tanıyıram. Burada potensiallı futbolçular var, amma deməzdim ki, Avropa səviyyəsindədirlər”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycanın U-20 millisinin baş məşqçisi Ruy Jorje Yaponiya ilə yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis komandanın hazırkı durumu və futbolçuların çıxışı ilə bağlı fikirlərini bölüşüb.
“Hazırda yolun başlanğıcındayıq. Futbolçuların tam formada olmaması normaldır. Ona görə də heyətdə dəyişikliklər etdik. Onlar 90 dəqiqə mübarizə aparmaq gücündə deyildilər. Mənim oyunçularımdan tələb etdiyim intensivlik böyükdür. Yolun bu mərhələsində onların belə olması normaldır.
Burada işlədiyim müddətdə daha çox gördüyüm məqam odur ki, futbol kollektiv oyun növüdür, amma bir çox futbolçu fərdi oyuna üstünlük verir. Düşünürəm ki, ilk növbədə kollektiv haqqında fikirləşməlidirlər, fərdi yox. Ad çəkməyi xoşlamıram. Hər birinin işindən çox razıyam. İstər məşqdə, istər oteldə davranışlarından, ümumiyyətlə, hər şeydən razıyam. Ona görə də ad çəkmək istəmirəm.
Qol vurmamağımız da, qol buraxmamağımız da məni bu gün sevindirdi. Həmişə oyunçularıma deyirəm ki, hücumda oyunumuz alınmasa, qapımızı toxunulmaz saxlamaq lazımdır. Hücuma gedəndə qorxmaq lazım deyil, ürəkli getmək lazımdır.
Bəzi futbolçular klublarında əvəzedici heyətdə oynayırlar. Onlar sübut etməlidirlər ki, əsas heyətdə oynamağa layiqdirlər. Elə futbolçular var ki, əsas komandada çıxış etməyə hazırdırlar. İndiki vaxtda elə çıxış edirlər ki, əsas heyətdə oynamağa layiq olduqlarını göstərirlər. Əgər burada özlərini yaxşı göstərsələr, baş məşqçiləri də onlara əsas heyətdə şans verəcəklər.
Bir şeyi deyim ki, biz dünya çempionatına layiqli şəkildə vəsiqə qazanan millilərdən çox geri qalırıq. Bunu unutmamalıyıq. Biz bu turnirdə ev sahibi ölkə kimi iştirak edirik. Amma başqa ölkələr buna layiq olduqları üçün vəsiqə qazanıblar.
Biz çalışmalıyıq ki, bu fərqi aradan qaldıraq. Məsələn, bu gün penaltilər seriyasında Yaponiyaya qalib gəldik. Amma Yaponiya bu mundiala öz oyunları ilə vəsiqə qazanıb. Hazırda nəticədən çox futbolçuların yaxşı nəticə göstərməsi və inkişaf etməsi vacibdir.
Azərbaycanlı futbolçular avropalı həmkarlarından demək olar ki, bütün aspektlərdə geri qalırlar. Elə komandalar var ki, fiziki cəhətdən, elələri də var ki, texniki baxımdan bizdən güclüdürlər. Bilirəm ki, hansı komandalarla qarşılaşacağıq. Daha çox çalışmalıyıq ki, onların səviyyəsinə çata bilək.
Azərbaycana gəldiyim ilk gündən çalışıram ki, bütün oyunları və məşq proseslərini yaxından izləyək. Bu, bizim işimizin bir hissəsidir. Ayxan Abbasovla da U-20 ilə bağlı heç bir müzakirəmiz olmayıb”.