BAKI, 6 oktyabr. TELEQRAF

Kriştianu Ronaldu Portuqaliya millisinə qayıtmaq üçün şərt irəli sürüb.

Teleqraf xəbər verir ki, ulduz futbolçunun yığmadakı gələcəyi baş məşqçi ilə yaşadığı qalmaqala görə sual altına düşüb.

Belə ki, Portuqaliyanın Norveçə 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra komandanın baş məşqçisi Jorje Jezus jurnalistlərə açıqlamasında hər şeyin aydın olduğunu bildirib: "Kriştianu öz taleyinə özü qərar verməlidir, bu məndən asılı deyil. Bu sadəcə bir anlaşılmazlıq idi və mənim fikrimcə, bunu həll etmək asandır. Mən məyus deyiləm, bu onun qərarıdır".

Lakin "Foot Mercato" nəşrinin yaydığı məlumata görə, Jorje Jezusun bu sözləri Ronaldunun kəskin narazılığına səbəb olub. Ronaldu yaxın çevrəsinə bildirib ki, mütəxəssis baş məşqçi olduğu müddətdə bir daha Portuqaliya milli komandasının formasını geyinməyəcək.

Mənbələrin verdiyi məlumata görə, münaqişə Ronaldunun baş məşqçinin açıqlamalarını dil yanılması deyil, ziddiyyətli mövqe kimi qiymətləndirməsindən qaynaqlanır. Belə ki, Jezus bir tərəfdən Ronaldunun UEFA Millətlər Liqasında iştirakını istədiyini bildirir, digər tərəfdən isə heyəti yalnız özünün müəyyənləşdirdiyini vurğulayır.

Beləliklə, Ronaldunun milli komandaya qayıdışı birbaşa Jorje Jezusun yığmadakı gələcəyindən asılı vəziyyətə düşüb.