BAKI, 6 oktyabr. TELEQRAF

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının Azərbaycanla Bakıda keçirilən oyunundan sonra vəzifəsindən ayrılıb.

Teleqraf xəbər verir ki, 50 yaşlı mütəxəssislə Litva Futbol Federasiyası arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yankauskas isə məşqçilər heyətinə, futbolçulara, işçi heyətinə, azarkeşlərə, xüsusilə “Vitis tribunası”na və federasiya rəhbərliyinə təşəkkür edib:

“Milli komandaya rəhbərlik etdiyim bu dörd il asan keçmədi. Lakin mən həmişə milliyə inanmışam və ən yaxşı nəticəni əldə etmək üçün əlimdən gələn hər şeyi etmişəm. Milli komandaya və Litva futboluna hər şeyin ən yaxşısını və böyük uğurlar arzulayıram”.

Qeyd edək ki, baş məşqçi ilə yanaşı, bütün məşqçilər heyəti də vəzifəsini tərk edib. Litva yığması noyabrda Lixtenşteyn millisi ilə qarşılaşacaq.