BAKI, 3 oktyabr. TELEQRAF
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Millətlər Liqasının Litva ilə cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Teleqraf xəbər verir ki, mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib:
“Ümumən əzmkar komandaya qarşı oynayacağıq. Onlar bizdən bir gün əvvəl yoldaşlıq görüşü keçirib və bəzi futbolçularını dincəldiblər. Bizdə isə bəzi oyunçular son matçda 90 dəqiqə meydanda oldular.
Bu, oyunlarımızın sonuncusudur və dördüncü qarşılaşmaya çıxırıq. Futbolçularımızla söhbətimiz oldu. Əlbəttə, son oyunda qalib gələ bilmədiyimiz üçün təəssüf hissi yaşadıq. Amma həmin görüşdən daha yaxşı çıxış etməliyik. Futbolçularıma inanıram. Onlar həqiqətən çox məyus idilər. Bunu geridə qoyub Litvaya qarşı mübarizə aparmağa və qələbə qazanmağa çıxacağıq. İnşallah, azarkeşlərimizi də sevindirərik.
Millidə oynamaq, burada çalışmaq böyük təzyiqdir və buna tab gətirməlisən. Oyundan dərhal sonra futbolçularla fərdi söhbətlərimiz oldu. Bəzi oyunçular bu təzyiqi həqiqətən hiss edirlər və klublarında göstərdikləri rahat oyunu millidə nümayiş etdirə bilmirlər. Onların milli karyeraları yenicə başlayır və buna görə də vaxt lazımdır.
Təcrübəli futbolçularımız da var və onlar belə situasiyalarla qarşılaşıblar. İnanırıq ki, bundan da çətin vəziyyətlərdən çıxmışıq. Bir oyunla hər şey bitmir. Bu qarşılaşmalar bizə çox şey verir.
Əlbəttə, istəyirik ki, qrupun lideri olaq, xallarımızı və reytinqimizi yaxşılaşdıraq. Amma bilirsiniz ki, növbəti tsikldən C Liqası tam fərqli keçiriləcək və orada rəqiblər daha çox olacaq. Komanda formalaşdırmaq üçün müəyyən mərhələlərdən keçməli, futbolçuları tanımalısan.
Bu prosesdə hər gün bizim üçün bir sınaq, bir yenilik idi. İnşallah, bütün bunlar bizim üçün təcrübəyə çevriləcək və gələcəkdə xeyrimizə olacaq”.
Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.