BAKI, 3 oktyabr. TELEQRAF
İstanbul Baş Prokurorluğunun “Hakimlərin işi” ilə bağlı apardığı istintaq çərçivəsində 5 nəfər barəsində həbs qərarı çıxarılıb.
Teleqraf xəbər verir ki, Mərkəzi Hakimlər Komitəsinin rəhbəri Ferhat Gündoğdu da həbs edilənlər arasındadır.
İstintaq çərçivəsində saxlanılan digər 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Onların ölkədən çıxışına qadağa qoyulub.
***
10:14
İstanbul Baş Prokurorluğu tərəfindən Türkiyədə hakimlərlə bağlı başladılmış araşdırma çərçivəsində saxlanılan 7 şübhəlinin istintaq prosedurları başa çatıb.
Teleqraf xəbər verir ki, sentyabrın 29-da İstanbul Baş Prokurorluğunun Qanunsuz Mərc Oyunları və İdman Cinayətləri Bürosu tərəfindən “Hakim dosyesi” ilə bağlı araşdırma başlanılıb.
İstintaq çərçivəsində Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakim Komitəsinin sədri Ferhat Gündoğdu, TFF Aktiv Hakimlər Assosiasiyasının prezidenti Ferdi Karadoruk, Mərkəzi Hakim Komitəsinin keçmiş sədr müavini Ahmet Şahin, keçmiş üzvü Yunus Yıldırım, TFF Təhsil və 4-cü Region Koordinatoru Sebahattin Şahin, TFF Hakimlər və Müşahidəçilər Assosiasiyasının İstanbul şöbəsinin təşkilat koordinatoru Alican Sağlar və İstanbul Vilayət Hakim Komitəsinin sədri Emre Kosif saxlanılıb.
Şübhəlilər rəsmi sənədlərin saxtalaşdırılması, etimadı pozma və şəxsi məlumatların qanunsuz əldə edilməsi kimi əməllərdə ittiham olunurlar.
Maliyyə Cinayətləri Bölməsində prosedurları tamamlanan 7 nəfər tibbi müayinədən keçirildikdən sonra Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb.
Onlar prokurorluqda ifadə verdikdən sonra həbs tələbi ilə məhkəməyə göndəriliblər.