BAKI, 21 aprel. TELEQRAF

İspaniyanın nəhəng klubu “Real Madrid” növbəti mövsüm üçün baş məşqçi məsələsində qərar mərhələsinə yaxınlaşıb.

Teleqraf "Fichajes" nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyinin əsas namizədlər kimi Unay EmeriYurgen Klopp üzərində dayandığı bildirilir.

Madrid təmsilçisi mövsümün sonunda texniki zonada dəyişiklik etməyi nəzərdən keçirir. Klub rəhbərliyi həm Avropa təcrübəsi, həm də uzunmüddətli layihə qurmaq bacarığı baxımından hər iki mütəxəssisi uyğun namizəd hesab edir.

Unay Emeri son illərdə "Aston Villa" ilə Avropa turnirlərində qazandığı uğurlarla diqqət çəkib və taktiki çevikliyi ilə tanınır. Yurgen Klopp isə yüksək presinqə əsaslanan oyun fəlsəfəsi və böyük klublarla qazandığı titullarla dünyanın ən nüfuzlu məşqçilərindən biri sayılır.

Qeyd edək ki, “Real Madrid” rəhbərliyi mövsüm başa çatdıqdan sonra yekun qərarı açıqlamağı planlaşdırır.