BAKI, 20 aprel. TELEQRAF
Teleqraf-a yeni daxil olan məlumata görə, yad cisimlə zərər vurulan avtomobil qarşılaşmanın yan xətt hakimi Namiq Hüseynova məxsus olub.
Zərərçəkən şəxs hadisə ilə bağlı polisə məlumat verib.
***
Azərbaycan Premyer Liqasının 28-ci turunda keçirilən “Zirə” - “Neftçi” (1:1) matçının baş hakimi İnqilab Məmmədov qarşılaşmadan sonra gözlənilməz durumla qarşılaşıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, oyunda verdiyi qalmaqallı qərarı ilə gündəmə gələn 43 yaşlı referinin avtomobilinə ziyan vurulub.
Belə ki, İnqilab Məmmədov hakimlərin paltardəyişmə otağından ayrılıb stadionu tərk etmək istəyərkən bahalı avtomobilinin yad cisimlə cızıldığını görüb. Nəticədə referi xeyli ziyana düşüb.
Naməlum şəxslər tərəfindən atılan bu addımın baş hakimin matçda verdiyi qərarlarla əlaqədar olduğu ehtimal olunur.
Qeyd edək ki, sözügedən matçda “Neftçi” 1:0 öndə olsa da, 90+5-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirib. “Neftçi” tərəfi və azarkeşlər “Zirə”nin cavab qolunda qayda pozuntusu olduğunu bildirərək hakimə etiraz edib. Nəticədə hakimin qərarına etiraz edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub, köməkçisi Dmitro Kara Mustafa qarşısında qırmızı vərəqə görüb.