BAKI, 25 mart. TELEQRAF

“Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldunun böyük oğlu Kriştianu Junior “Real Madrid”in akademiyasında məşq edir.

Teleqraf “The Athletic”ə istinadən xəbər verir ki, 15 yaşlı oyunçu U-16 komandasında çıxış etmək üçün İspaniya klubuna keçə bilər.

Kriştianu Junior “Əl-Nəsr”dən əvvəl də atasının oynadığı klubların (“Yuventus” və “Mançester Yunayted”) akademiyalarında məşq edib. Ötən ilin mayında isə o, Portuqaliyanın yeniyetmələrdən ibarət millisinin düşərgəsinə dəvət alıb.

Qeyd edək ki, Kriştiano Ronaldu 9 il “Real Madrid”də çıxış edib. Bu müddət ərzində 438 oyuna çıxan ulduz futbolçu 450 qol vurub.