BAKI, 19 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXV turunun növbəti oyunu "Sabah" və "Sumqayıt" komandaları arasında keçirilib.
Teleqraf xəbər verir ki, "Bank Respublika Arena"da təşkil olunan qarşılaşma Masazır təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:1
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matçda hesabı 24-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Kahim Parris açıb. 49-cu dəqiqədə Coy-Lens Mikels "bayquşlar"ın ikinci, 71-də isə Velko Simiç üçüncü qolunu vurub.
"Kimyaçılar"ın yeganə qolunun müəllifi Simon Nsana olub. O, 90+2-ci dəqiqədə fərqlənib.
Bununla da turnir cədvəlinin lideri olan "Sabah" komandası xallarının sayını 62-yə çatdırıb. "Sumqayıt" 32 xalla yeddincidir.
Qeyd edək ki, turun digər oyunları 20-21 martda keçiriləcək.